“Turizminin internetdə təbliği ilə yanaşı, məsələyə institusional yanaşma da lazımdır”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynovdur:

Azərbaycan turizminin internet vasitəsilə təbliği yollarında hansı çatışmazlıqlar var?

Turizm iqtisadiyyatın əsas gəlirli sahələrindən biridir. Turizm son 20-25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Hazırda turizm və kənd təsərrüfatı sahələrinə böyük diqqət ayrılır. Ölkəmizdə turizm infrastrukturunun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb.

Xarici ölkə vətəndaşlarının ölkəmizə səfər etməsi və Azərbaycanda olan turizm infrastrukturunun təbliği ilə bağlı olaraq xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusların üzərinə böyük məsuliyyət düşür. Son dövrlər xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin sayı da artmaqdadır. Düşünürəm ki, Azərbaycan turizminin təbliğində səfirliklərin və konsulluqların fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur.

Azərbaycan turizminin təbliği yolları ilə bağlı nələri təklif edərsiniz?

Azərbaycan turizminin internet vasitəsilə təbliği ilə yanaşı bu məsələyə institusional formada müdaxilə də gərəklidir. Azərbaycan Respublikası rəsmi elektron viza portalının istifadəyə verilməsi və ASAN viza sisteminin tətbiqi nəticəsində turist qismində Azərbaycana səfər edənlərin sayı xeyli dərəcədə çoxalıb. Bu portal vasitəsilə xarici ölkə vətəndaşı 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində e-Vizaya sahib olmaqla Azərbaycanı ziyarət etmək imkanı qazanır. Qeyd olunan sistemin tətbiqi göstərdi ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə çox rahat bir şəkildə viza əldə etmək və Azərbaycana səfər etmək mümkündür. Türkiyə vətəndaşları üçün viza sisteminin ləğv olunmasından sonra 2019-cu il sentyabrın 1-dən qardaş ölkənin vətəndaşları rahat şəkildə ölkəmizə səfər edəcəklər. Bununla da Türkiyədən ölkəmizə çoxlu sayda turist səfərlərinin olması gözlənilir.

Ölkəmizin təbliği və turizm obyekləri haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması üçün internetin və müasir texnologiyaların imkanlarından istifadə olunmasına böyük ehtiyac duyulur. Bunun üçün Azərbaycanın təbiəti, tarixi abidələri, adət-ənənələri, mədəniyyəti və mətbəxi haqqında video roliklərin çəkilməsi və hədəfə hesablanmış şəkildə təbliği lazımdır. Müasir cəmiyyətdə informasiya və telekommunikasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə olunur. Azərbaycan turizminin təbliği üçün hazırda çox böyük auditoriyaları əhatə edən sosial şəbəkələrin nüfuzunu da nəzərə almaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *