“Turizmin inkişafı üçün sırf innovativ online təbliğata ehtiyac var”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Cənubi Koreyada Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun vitse-prezidenti və Qanqnam Bələdiyyəsində Qlobal Mərkəzin direktoru Nihat Xəlilzadədir:
Son illərdə Azərbaycanda turizmin inkişafı üçün müxtəlif layihələr təşkil olunsa da layihələr arasında innovativlər azlıq təşkil edir. Məncə, Azərbaycanda turizmin inkişafı üçün sırf innovativ online təbliğata ehtiyac var. Koreyada sınanmış turizmin təbliğat layihələrinə əsaslanaraq demək olar ki ölkəmizə turist axınını artırmaq üçün diaspora təşkilatları və həmçinin xaricdə məskunlaşmış Azərbaycanlıların online dəstəyindən istifadə olunmalıdır. Qısacası, bir Azərbaycanlı tərcüməçinin hər hansı Azərbaycanda turizm inkişafı üçün hazırlanmış videonu tərcümə etməsindənsə xaricdə məskunlaşmış və həmin ölkə mədəniyyətini tam bilən insanların sadə dildə şərh etməsi daha çox turisti ölkəmizə cəlb edə bilər.Bundan əlavə regionlara turistlərin axınını təşkil etmək üçün xüsusi xarici dillərdə portallar hazırlanmalı və Azərbaycanda oxuyan xarici tələbələri könüllü olaraq bu portallarda təcrübə keçməyə cəlb olunmalıdır.
Turizmin təbliği üçün ilk öncə cəmiyyətdə servis mədəniyyəti daha da inkişaf etdirilməlidir.Xüsusiylə mərkəzi ərazilərdə ingilis dilində könüllü turist məlumatlandırıcı köşklər qurulmalıdır.Hər il turizmin inkişafı üçün ideyaların toplanması üçün müsabiqə keçirilməli və dünyanın hər yerindən bu müsabiqədə iştirak üçün layihələr qəbul olunmalıdır ki bu özüdə turizm üçün böyük reklam olacaq.Buraya daha minlərlə layihə əlavə edə bilərəm ki artıq bu layihələr öz nəticələrini dünyada göstəriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *