“Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələrin perspektivli gələcəyi var”

Mariya Suvorovskaya: “World Business Guide Azerbaijan” jurnalının ilk sayında dövlətlərimizin ticari-iqtisadi əməkdaşlığının inkişafı mövzusunda məmurlar, sahibkarlar, ictimai xadimlər və ekspertlərin müsahibələri yer alacaq”

Xəbər verdiyimiz kimi, Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupu “World Business Guide Azerbaijan” jurnalını nəşr etməyə hazırlaşır. Bu, dünyaya yayılacaq ilk “Dünya Biznes Bələdçisi” olacaq. Jurnal Azərbaycanın Rusiya ərazisində daha geniş məkanda tanınmaq imkanı yaratmağı planlaşdırır. Həmçinin məqsəd Azərbaycanın Rusiya və digər dövlətlərlə işgüzar münasibətləri haqqında məlumat verməkdir.

Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru, ekspert Mariya Suvorovskaya “Palitra”ya “World Business Guide Azerbaijan” jurnalının ilk sayı haqqında məlumat verib. O qeyd edib ki, burada dövlətlərimizin ticari-iqtisadi əməkdaşlığının inkişafı mövzusunda məmurlar, sahibkarlar, ictimai xadimlər və ekspertlərin müsahibələri yer alacaq: “Jurnalın üz qabığında maliyyə-biznes seqmenti olan “Qazprombank”ın loqosu əks olunacaq. Azərbaycan “Qazprombank”la uzun müddətdir işgüzar və dostluq münasibətləri quran və dinamik inkişaf edən MDB ölkələrindən biridir. Bu sayımızda artıq həyata keçirilən layihələr, ikitərəfli əməkdaşlığın əhəmiyyəti barədə danışacağıq. Ötən payızda “Qazprombank”  SOCAR və Rusiya İxrac Mərkəzi ilə müqavilə bağladı. Bu, banka Azərbaycan layihələrində tələb olunan Rusiya avadanlıqları və xidmətlərinin tədarükünü dəstəkləməyə imkan verdi. 30 may 2019-cu ildə “Qazprombank” Azərbaycan Beynəlxalq Bankı ilə də müqavilə imzaladı. Belə birgə maliyyələşdirmə layihələri toplanmış təcrübənin mübadiləsinə imkan verəcək və inkişafa yeni təkan olacaq”.

Mariya Suvorovskaya bildirib ki, buraxılışda təkcə beynəlxalq əməkdaşlığı təşkil edən şirkətlər deyil, həm də Rusiyada azərbaycanlı sahibkarlar tərəfindən qurulan bir iş təqdim olunur: “Məsələn, “Bionika” reabilitasiya terapiya klinikası Krasnoyarskdakı ən böyük özəl və  çoxşaxəli klinikadır. Klinikanın baş direktoru, azərbaycanlı Taleh Mahmudov klinikanı uğurla idarə etməklə yanaşı, bölgədə ictimai fəaliyyət  də həyata keçirir. Bu gün “Bionika” Azərbaycanda tibbi turizmi, o cümlədən Naftalan kimi kurortları da təbliğ edir.

“AvroMed” şirkəti dünyada aparıcı dərman istehsalçılarının ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycanın səhiyyə sisteminin tibb müəssisələrini, özəl klinikaları və vətəndaşları yüksək keyfiyyətli dərmanlarla təmin etməkdir.

Şchelkovo Agrohim” şirkəti Azərbaycan Respublikasında az müddətdir ki, fəaliyyətə başlayıb. Amma bu şirkət  artıq bir sıra əlamətdar işləri ilə yadda qalmışdır. WBG jurnalının ilk sayında bunlar və işin ilk nəticələri, eləcə də, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı barədə danışacağıq. Xatırladım ki, 2019-cu ilin may ayında Bakıda “Caspian Agro-2019” kənd təsərrüfatı məhsulları və qida məhsullarına aid böyük regional sərgi keçirildi. Məhz bu sərgidə “Şchelkovo Agrohim” şirkəti bu il fəaliyyətə başlayan Azərbaycan nümayəndəliyini təqdim etdi. Açılış günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şchelkovo Agrohim” şirkətinin stendini ziyarət edib və onun nümayəndələri ilə söhbət edib.

2019-cu ilin iyul ayında “Roto Frank” yeni iqtisadi məkanda – Azərbaycan Respublikasında özünün rəsmi nümayəndəliyi olan ART LINEA-ya ilk məhsul göndərilməsini həyata keçirdi. Əməkdaşlığın inkişaf etdirilməsinin necə planlaşdırıldığı və “Roto Frank”ın bu istiqamətdə gördüyü işlərə dair ilk ayın nəticəsi haqqında danışacağıq”.

Mariya Suvorovskayanın sözlərinə görə, jurnalın ilk nömrəsində çox sayda qəhrəman var və hamısı Azərbaycanla Rusiya arasında ticari- iqtisadi əməkdaşlığın böyük və perspektivli gələcəyə sahib olacağını söyləyirlər.

 

Fuad Hüseynzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *