“İnternetdə Azərbaycanla bağlı müfəssəl məlumatlara geniş yer verilməlidir”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz İsvec Krallığında Partille şəhər bələdiyyə məclis üzvu Turan Əliyevdir:

Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternet əsrində turizmlə bağlı reklamların, məlumatların internet məkanında, azlığı əcnəbi turistlərin ölkəyə gəlməsinə maneə yaradır və bu da turizmin inkişafina mənfi təsir göstərir. Bu gün tam əminliklə demək olar ki, əcnəbi turistlərin Azərbaycanda rahat, təhlükəsiz və uyğun qiymətə istirahət etmələri üçün tam təminat və şərait var. Sadəcə, bu məlumat dünya turizim bazarına düzgün çatdırılmır. Bunun üçün də bu sahənin ekspertlərinin təcrübəsindən istifadə etmək olar. İnternet vasitəsi ilə turizmlə bərabər, həmçinin Azərbaycanla bağlı müfəssəl məlumatlara geniş şəkildə yer verilməlidir, çünki turist səyahət edəcəyi ölkədə təhlükəsizliyi də vacib sayır. İnternet vaistəsi ilə turizmin təbliğatında yalnız turizmlə əlaqədar dövlət orqanları deyil, həmçinin sahibkar da maraqlı olmalıdır. Amma çox zaman biz şahidi oluruq ki,bir çox otellərin, istrahət mərkəzlərinin, nəqliyyat  şirkətlərinin internet üzərindən tanıtım saytları yoxdur.
Məsələn, keçən il Bakıda səfərdə olduğum zaman gözəl istirahət mərkəzində qonaq olduq, rəhbərliklə görüşdük, istrahət mərkəzi haqqında internetdə hər hansı məlumat, reklam varsa, təmənasız yaşadığım ölkədə  – İsveçdə reklam məqsədi ilə turizm firmalarına,tanıdıqlarımıza məlumat vermək üşün bizə təqdim etməyi xahiş etdim. Onlar bildirdi ki, istirahət mərkəzi haqqında informasiya hələ ki yoxdur, bunun vacibliyini izah edəndən sonra, “düşünərik”, dedilər.

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Bu səbəbdən, dövlət bu sahəyə xüsusi diqqət ayırmalıdır. Son zamanlar Azərbaycanda turizm sektorunun inkişafı üçün bir sıra müsbət addımlar atılıb. Bu məqsədlə yeni otellər, müasir istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilb, çoxsaylı sammitlər, forumlar və bir neçə idman oyunu keçirilib, indi də davam edir .
Mənim fikrimcə, Turizmin təbliğatı ilə əlaqədar xarici ölkələrdə fəaliyət göstərən rəsmi turizim nümayəndəliyinin sayını çoxaltmaqla, turzimlə bağli keçirilən bütün beynəlxalq sərgilərdə vaxtaşırı iştirak etməklə bərabər, tanınmış  reklam şirkətləri, həmçinin xaricdə fəaliyyət göstərən diasporla sıx əməkdaşlıq etməklə turizmin təbliğatında müsbət nəticə almaq olar.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *