Hər kəs ordu haqqında obyektiv mövqe tutmalıdır

Milli Qəhrəman adı çox müqəddəs bir fəxri addır. Bu ucalığa hər kəs sahib ola bilmir. Biz həmişə qürur hissi ilə deyirik ki, ana yurdumuzun müdafiəsi yolunda öz qanı və canı hesabına Milli Qəhrəman fəxri adına layiq görülən igid oğul və qızlarımız xalqımız tərəfindən fəxarət rəmzi kimi qəbul edilir. Onların qəhrəman əməllərindən həmişə mənəvi güc alırıq. Yaxşı haldır ki, bu gün gənclərimiz Milli Qəhrəman həyatını cəsurluq məktəbi kimi öyrənərək nümunəvi ömür yaşamağa cəhd edir və onların qəhrəmanlıq ənənələrini mərdanə surətdə həyata keçirmək üçün yeni yollar axtarırlar.

Təəssüf ki, yaşadığımız ötən keşməkeşli tariximizdə Milli Qəhrəman adını aldıqdan sonra bu adın cavabdehliyini itirən şəxslərə də təsadüf etmişik. Əlbəttə, bu cür hallar çox ağır və sarsıdıcı təəssürat bağışlayır. Bu mənada ictimai fikir aləmində həyəcan siqnalı qaldırmağın məqamı yetişmişdir. Həqiqətən heç kim o acılığı yenidən yaşamaq niyyətində deyil. Axı, biz mərd və yurdkeş azərbaycanlılarıq. O qisməti kimsəyə rəva görmək olmaz!

“Modern.az” və bir sıra digər müxalifyönlü sayt və informasiya agentliklərinin 19 iyul 2019-cu il tarixli internet səhifələrində “Milli Qəhrəmanlar müharibə istəyir” sərlövhəli yazıda bayaq sadaladığım məqamların havası duyulmaqdadır. Qarabağ münaqişəsinin həlli ilə bağlı üç Milli Qəhrəmanımızın ürək sözləri açıqlanır. Maşallah Abdullayevin və Mirzə Quliyevin fikir və mühakimələrində əks olunan bədbinlik hissləri yurd eşqi ilə döyünən ürəklərin müəyyən mənada ixtiyarsız olaraq yayılan harayı kimi qiymətləndirilə bilər. Zənnimizcə, Qarabağ münaqişəsinin həlli ilə bağlı onların müharibə variantının yeganə yol kimi irəli sürülməsi də bir subyektiv rəy olaraq mənfi qəbul edilməməlidir.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun isə ağrılı düşüncələri, şəxsi narahatlığı və yurd həsrəti ilə yanaşı bəyan etdiyi irad obyektiv sayıla bilərmi?! Gəlin aydınlıq üçün onun sözlərini konkret sitat şəklində oxuyaq: “Bilirsiz mən kiməm? Mən ehtiyatda olan generalam. Mənim fikrim yalnız bir olub. Qarabağı yalnız müharibə yolu ilə almalıyıq. Ordunun başında isə işini bilən, peşəkar biri durmalıdır. Ondan sonra biz nəsə edə bilərik. Bizim xalqımız mərddir. Mən bunun Birinci Qarabağ müharibəsində şahidi oldum. Xalqım torpaqlarını qaytarmaq üçün canından keçməyə hazırdır. Sadəcə olaraq onların üstündə ağıllı, vətənini sevən biri olmalıdır. Mənim əslim Qubadlıdandır. Mənim atamın, anamın yurdu hazırda işğaldadır. Bacımın 5 yaşlı ölən uşağının qəbri hazırda Qubadlıdadır. O gün həmin 63 yaşlı bacım məndən soruşur ki, qardaş, mən gedib qızımın qəbrini ziyarət edə biləcəyəm, ya yox?! Bunu bilin ki, torpaqlarımızı birdəfəlik müharibə yolu ilə almaq lazımdır”.

Özünüz ağıllı nəticə çıxarın: Milli Qəhrəman ordunun başında işini bilən, peşəkar bir insanın durmasını vacib problem kimi önə çəkir. Bu fikri üstüörtülü deyil, açıq şəkildə bəyan edir. Ordu sıralarından korrupsiya həvəskarı kimi çıxarılan bir şəxs görün necə düşünür. Fəxrəddin müəllim, öz yaxın keçmişinizi yada salın, bir özünüz baxın kim idiniz və bu ordu üçün nə etmişdiniz. Öz ata və ana yurdunun dərdini çəkən, doğma torpaqlarının azadlığı uğrunda müharibə arzusu ilə yaşayan şəxs, üstəlik də peşəkar hərbiçi 1997-ci ildən Bakının göbəyində Qaradağ rayonunun Hərbi Komissarlığında heç qalarmı? Sizin orda 12 il ərzində çıxdığınız oyunlar haqqında dedi-qodular indiyədək səngimir. Törətdiyiniz çirkli əməllər, rüşvətxorluq və özbaşınalıq – bunlar da “ana-ata yurdu” sevgisindən irəli gələn hərəkətlərdir? O dövrdə Sizinlə xidmət etmiş zabitlər arasında Teymur adlı şəxs, hüquqşünas Rəşad və sürücünüz Əziz “maliyyə” vasitəçiləriniz idi və bu heç kim üçün sirr deyil.

Ancaq bu hələ harasıdır! Fəxrəddin Cəbrayılovun Baş İnspeksiya rəisi vəzifəsində olan müddətdə də yetərincə “qəhrəman” əməllərini qeyd etmək olar. Belə ki, gənc zabitlərə yardım göstərmək, onları öyrətmək, Vətən uğrunda düzgün yol göstərmək əvəzinə, Fəxrəddin Cəbrayılov rəhbərlik etdiyi bölmə ilə onlarla hərbi hissə komandirinə qarşı əsassız cəza tənbehlərini gördürüb, səthi keçirilən yoxlamaları “qeyri-kafi” qiymətləndirib, sonradan isə bu “çatışmazlıqları” rüşvət alaraq aradan qaldırıb. Bunun nəticəsi kimi də vaxtı ilə xidmət etdiyiniz dövrdə tabeleyinizdə olan üç zabitiniz hal-hazırda həbsxanadadılar. Nəticədə sual yaranır: bir rəis kimi sizin tabeleyinizdə olanlardan və onların törətdiyi əmələrindən xəbəriniz yox idimi? “Təmiz, vətəni sevən” bir şəxs kimi niyə tabeleyinizdə olanlara özünüzdə olan xassələri aşılamamısınız?

Lakin, ədalətli olmaq lazımdır: sizin “yoxlamadan” keçənlərin əksəriyyəti deyir ki, yoxlama nəticələrinin “düzəldilməsi” üçün tərəfinizdən tələb olunan məbləğlər yoxlanılan bölmədən asılı idi, daha böyük bölmə daha çox çalışmalı, yani daha böyük məbləğ ödəməli idi.

Uzaq keçmişiniz də heç də parlaq deyil. Deyirlər ki, Fəxrəddin Cəbrayılov briqada komandiri olduğu illərdə heç vaxt ayıq olmamışdır. Murovdağ onu həmişə ön xətdə səndələyə-səndələyə yıxılan bir komandir kimi görmüş və peşəkar hərbiçi kimi tanımamışdır. Bəli, söhbət uca dağlarımızdan gedir. Axı, ən yaxşı şahid dağlarımız deyilmi?! Məhz, bu səbəbdən də, Sizi idarə vəzifəsindən uzaqlaşdıraraq, ikinci dərəcəli vəzifəyə keçiriblər, çünki şəxsi nizam-intizamı olmayan, özünü idarə etməyi bacarmayan hərbi qulluqçu heç vaxt tabelikdə olanları da idarə edə bilməz. Siz yaxşı şərab aşiqi və pul yığan komissar kimi ad qazanmısız və12 il ərzində “ana-ata yurdunun” azad edilməsi həsrəti ilə biznesmen həyat tərzini sürürdünüz. Bu deyilənləri kim dana bilər?! Əgər danılarsa, daha çox faktlar üzə çıxa bilər… Odur ki, ordu kontekstində qəti səhv etmək olmaz. Fəxrəddin Cəbrayılov vaxtında yəqin etsin ki, Milli Qəhrəman olaraq mənəvi cavabdehliyi itirmək halları onu müqəddəslik amalından kənarlaşdırma ehtimalını artırır.

Vətəndaş kimi kimliyindən, tutduğu vəzifənin böyük və ya kiçikliyindən, habelə aldığı mükafat və fəxri adlardan asılı olmayaraq hər kəs ordu anlamında yalnız obyektiv mövqe tutmalıdır. Ordumuz bizdən təcrid edilmiş bir qurum deyil. Ordu xalqın ordusudur. Onu şəxsi mənafeyinə çevirmək nankorluq əlaməti sayılır. Biz daim fəxr etməliyik ki, xalqımız indi güclü orduya malikdir və ordumuzun başında yüksək dəyərli peşəkar komandirlər dururlar.

Ona yalnız “ayıb olsun!” demək qalır. Məgər, onun dünya miqyasında ön mövqe tutan kamil ordumuzdan xəbəri yoxdur?! Yoxsa öz silahdaşlarını silkələyərək hövsələdən çıxarmaq istəyir. Əgər onlar öz sözünün məsuliyyətini dərk etməyən Milli Qəhrəmana keçdiyi yolları xatırlatsalar çox həqiqətlərin üstü açılacaq. Misal kimi mənzil tələbinizi gətirmək olar, bununla da dövlətdən bir yox, iki mənzil tələb etdiyiniz iddialardan da hamının xəbəri vardır.

Öz çıxışımı “Milli Qəhrəman adı çox müqəddəs bir fəxri addır” kəlməsi ilə başladım və buna yenidən də qayıdıram. 2016-cı il aprel döyüşləri məhz onu göstərib ki, Azərbaycan Ordusunun mərd, döyüşkən, cəsarətli oğulları vardır. Xatırladıram ki, o əməliyyatları şəxsən Müdafiə naziri və Baş Qərargah Rəisi şəxsən idarə edirdi. Apreldə qazanılmış uğurumuza heç kəs şübhə ilə yanaşmır və bunun aydın təsdiqi – cənab Prezident, Ali Baş Komandan tərəfindən Orduya verilmiş qiymətdir. Siz isə öz çıxışınızda bu qiyməti şübhə altına qoyursunuz.

Belə ki, tarixən bir sıra görkəmli hərbi sərkərdə (istər dost, istərsə də düşmənin) onun şərəfinə, ali rütbəsinə, mənliyinə və digər üstün hesab etdiyimiz amillərə ləkələmə olduğu hallarda, öz şərəfini qorumaq üçün bu dahi şəxslər hətta özünə qəsd edib ki, bircə bu rüsvayçılıqla yaşamasın. Ancaq, fikrimcə, Fəxrəddin Cəbrayılov ona Dövlət tərəfindən verildiyi bu ali adını indiyədək dərk etməyib və özünün “general” olduğunu hələ də fərz edir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *