Zəngilan tezliklə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcək


Erməni faşizmi Azərbaycanın 20 faiz ərazisində işğalı davam etdirdiyi uzun illər ərzində dəhşətli vəhşiliklər törədib, maddi- mədəni abidələrimizi vandalizmə məruz qoyub, yaşayış sahələrini yerlə-yeksan edib, müqəddəs ocaqlarda inək, donuz saxlayıb. Bütün yaşıllıqlar doğranaraq, təbii sərvətlərimiz talanaraq Ermənistana daşınıb. Düşmən işğal dövründə yaşayış məntəqələrimizin bir qismində isə qanunsuz məskunlaşma aparıb, Suriya, Livan və digər ölkələrdən gətirilən ermənilər üçün Şuşa, Cəbrayıl, Zəngilan və Laçında qəsəbələr salıb, yaxud azərbaycanlılara məxsus evlərdə yerləşdirib.
Bütün bu vəhşiliklər, barbarlıqlar və qanunsuz məskunlaşma qarşısında isə dünya birliyi susub. Minsk Qrupu münaqişəyə ədalətli mövqedən yanaşmayıb, biganəlik göstərib.
Dövlətimizin başçısının çıxışlarının birində vurğuladığı kimi, əgər düşmən 1990-cı illərin əvvəllərində qanunsuz məskunlaşmanı gizlin şəkildə edirdisə, sonrakı mərhələdə o qədər azğınlaşmışdı ki, bunu heç gizlətməyə də ehtiyac duymurdu, hətta bu barədə televiziyalarında reportajlar yayımlayır, bu ərazilərin Ermənistan torpağının bir hissəsi olduğunu bildirirdi.
Vətən müharibəsindən dərhal sonra erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi dövlətimizin qarşısında duran ən mühüm vəzifəyə çevrildi. Prezident cənab İlham Əliyev tərəfindən hər zaman olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan ilk gündən bu istiqamətdə də aydın planlar, strateji hədəflər müəyyənləşdirildi və quruculuq işləri getdikcə intensivləşdirildi. Azərbaycan, eyni zamanda, kommunikasiyaların açılması ilə bağlı fəaliyyətini genişləndirdi, Zəngəzur dəhlizi layihəsinin icrasını diqqət mərkəzində saxladı.
Dövlətimizin başçısı mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərək, bütün bunlar barədə ətraflı söhbət açdı.
Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, torpaqlarımız işğal altında olan dövrdə erməni faşizmi yaşayış sahələrimizi, o cümlədən Zəngilan rayonunu yer üzündən silsə də, xalqımızın bu torpaqlardan izini itirməyə çalışsa da məqsədinə nail ola bilmədi. Müzəffər ordumuz 44 gün ərzində düşmənin hərbi birləşmələrini darmadağın edərək, tarixi qələbəni gerçəkləşdirdi və bundan dərhal sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrasına start verildi.
Dövlətimizin başçısı videoformatdakı çıxışında dedi: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
Azərbaycan Prezidenti Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirildiyini xatırladaraq, hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat xəttinin qurulduğunu, bu il Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini və bu aeroportun çox böyük funksiyalarının olacağını söylədi.
Bütün bunların təsadüfi xarakter daşımadığını vurğulayan ölkə rəhbəri gələcəkdə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi tanınacağının qarşıya mühüm vəzifə kimi qoyulduğunu da xatırlatdı. “Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır.
Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq”,–deyə ölkə rəhbəri vurğuladı.
Azad olunmuş ərazilərdə, o cümlədən Zəngilanda quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk məntəqəsi olacaq.
Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Burada enerjiyə tələbat “Yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək.
“Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırlmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq.
Bütün bunlarla bərabər, Zəngilanda ermənilər tərəfindən dağıdılan bütün tarixi-dini abidələrimizin artıq bərpası işinə başlanılması, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər məscidinin faktiki olaraq yenidən qurulması, hava limanının yaradılması, “DOST Aqropark”ın salınması rayonun tezliklə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcəyindən xəbər verir.

Həmid MEHDİYEV,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir