Reinteqrasiyanın sənaye təməli – azad olunmuş ərazilərimizdə yaradılan sənaye parkları

Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məşğulluq səviyyəsinin artırılması ölkəmizdə həyata keçirilən iqtisadi-siyasətin əsas prioritetlərindəndir. Sənaye parklarının yaradılması isə bu məqsədlərə nail olmaq üçün əhəmiyyətli mexanizmdir.

Yenimedia.info xəbər verir ki, hazırda ölkədə 5 sənaye parkı – Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulur. Beləliklə, hazırda Azərbaycanda 7 sənaye parkı var.

Sənayeləşmə Qarabağın iqtisadi dirçəlişində önəmli faktordur

Azərbaycan iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük nailiyyətlər əldə edir. İqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması intensiv xarakter alıb. Qarabağın dirçəlişində də sənayeləşmə önəmli faktor kimi iqtisadi inkişaf katalizatoru rolunu oynaya bilər. İşğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması da bölgənin resurslarından və iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradacaq.

Qeyd edək ki, sənayeləşmə prosesi mərhələli şəkildə aparılacaq. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatı təmin edilməlidir. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesi həyata keçiriləcək.

Yeni texnologiyalarla qurulan Ağdam Sənaye Parkı

Bölgədə istehsal sahələri üzrə infrastrukturun yaradılması məqsədilə cari il mayın 28-də dövlətimizin başçısı Ağdam Sənaye Parkının təməlini qoydu. Ağdam Sənaye Parkı investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olması, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ağdam Sənaye Parkının yaradılması ilə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Məlumat verildiyi kimi, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə 5 potensial layihə üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda Sənaye Parkının ərazisində təhlükəsizliyin təmin edilməsi baxımından minalardan təmizlənmə işlərinin aparılması sürətləndirilir. Artıq Ağdam Sənaye Parkının 74 hektar ərazisində minalar zərərsizləşdirilib. Bununla yanaşı, sosial təminatı dəstəkləyəcək infrastrukturun qurulması istiqamətində də işlər aparılır. Sənaye Parkının ərazisində subartezian quyusu qazılıb ki, bu da ərazinin suya olan tələbatının ödənilməsinə imkan verəcək. Həmçinin əraziyə çəkilən 10 kV-luq elektrik xətti və quraşdırılan 630 kV-luq komplekt transformator məntəqəsi enerji təminatının yaxşılaşdırılmasına şərait yaradacaq. Enerji resurslarından daha səmərəli istifadə olunması üçün Sənaye Parkının işıqlandırılmasında günəş panelləri tətbiq edilir. Meşə zolaqlarının suvarılması üçün damlama suvarma sistemindən istifadə olunur. Bunun üçün tələb olunan elektrik enerjisi də günəş panelləri və batareyaları vasitəsilə təmin edilir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının iqtisadi imkanları

Torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də yeni beynəlxalq nəqliyyat dəhlizləri yaranır. Belə nəqliyyat dəhlizlərinin gələcəkdə rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunması üçün regionda logistika imkanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Yaradılan logistika mərkəzi, “yaşıl enerji” konsepsiyasına əsaslanan innovativ sənaye sahələri, habelə tikinti materialları istehsalı bölgənin sosial-iqtisadi inkişafına təkan olacaq.

Logistika və ticarət imkanları investorların marağını artırır

Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və tranzit daşımalarının həyata keçirilməsi üçün perspektivlər investorların bölgəyə sərmayə yatırmaqda marağını artırır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xüsusilə, iqtisadi artımın mühüm təkanverici qüvvəsi olan logistika və ticarət imkanlarının yüksək olması irihəcimli xarici investisiyaların cəlb edilməsinə şərait yaradır. Səmərəliliyin artırılması məqsədilə Sənaye Parkında yaradılan logistika və ticarət mərkəzlərində rəqəmsal proqram təminatlarından istifadə etməklə, ən qabaqcıl əməliyyat modellərinin tətbiqi planlaşdırılır. Bu tədbirlər nəticəsində gələcəkdə Azərbaycanın logistika və ticarət sahəsində regionun lideri mövqeyinə yüksəlməsi təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir