Aqroparklar müasir üsullarla səmərəli məhsul istehsalında mühüm rol oynayır

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, verilən maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri fermerlərə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb.

Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı olaraq, ölkəmizdə sahibkarlığın, o cümlədən aqrar biznesin inkişafı, aqrar-sənaye kompleksinin modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir, müasir texnologiyalara əsaslanan aqroparklar yaradılır.

Aqroparklar torpaqdan səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığa nail olunması, yeni istehsal və emal sahələrinin yaradılması üçün innovativ və əlverişli mexanizmdir. Aqroparkların kənd təsərrüfatında rolunu nəzərə alaraq, səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü işlər görülür.

Hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, daha biri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit verilib. Bununla yanaşı, investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. İndiyədək aqroparklara 1,3 mlrd. manat yatırılıb.

Aqroparklar ölkə regionlarında məşğulluq səviyyəsinin artırılmasında önəmli rol oynayır. Hazırda aqroparklarda 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

2020-2021-ci əkin ilində aqroparklar tərəfindən 139,5 min hektar ərazidə əkin aparılıb. Bundan əlavə, 2021-ci ildə aqroparklarda 15,4 min hektar sahədə təkrar əkin (qarğıdalı, soya və günəbaxan) həyata keçirilib. 2021-ci ildə aqroparklar tərəfindən 127 min ton buğda, 142 min ton qarğıdalı, 146 min ton şəkər çuğunduru, 69 min ton arpa, 29 min ton kartof və digər məhsullar istehsal olunub.

Bununla yanaşı, aqroparklarda salınmış müasir meyvə bağlarının ümumi sahəsi 7,9 min hektar təşkil edir. Belə ki, son illərdə 2 521 hektar fındıq, 1906 hektar zeytun, 988 hektar qoz, 910 hektar badam, 336 hektar alma, 368 hektar nar, 212 hektar üzüm və s. meyvə bağları salınıb, onlardan artıq yüksək məhsuldarlıq əldə edilir.

 

Kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli məkan: Yevlax Pilot Aqropark

 

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Yevlax Pilot Aqropark” layihəsi də müasir və səmərəli fəaliyyət göstərəcək aqropark kompleksləri sırasına aid edilə bilər. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılan və ümumi ərazisi 2.855 hektar olan Yevlax Pilot Aqroparkın 1.147 hektarlıq hissəsində 20 hektarlıq parsellərə bölünmüş sahələr olmaqla 100 ailə fermer təsərrüfatının, o cümlədən, 40-dan çox orta sahibkarlıq təsərrüfatının yaradılması və özünüməşğulluq proqramı çərçivəsində 60 aztəminatlı ailə üçün 60 hektar ərazidə sosial bağların salınması planlaşdırılır. Bundan əlavə, aqroparkın 1.133 hektarını yemlik bitkilər və şəkər çuğunduru əkini sahəsi, 236 hektarını pambıqçılıq və taxılçılıq, 129 hektarını emal və sosial zonalar, 3 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi təşkil edəcək.

“Yevlax Pilot Aqropark” layihəsinin ümumi dəyəri 103 milyon manatdir. Bunun 29 milyon manatı dövlət vəsaiti, 74 milyon manatı isə özəl investisiya hesabına formalaşacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər isə mövsümi işlə təmin ediləcəkdir.

Yevlax Pilot Aqroparkda dövlət vəsaiti hesabına infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “Vahid pəncərə” sisteminin tətbiqi nəzərdə tutulur.

Aqroparkda nar, badam, xurma, zeytun, gilas, ərik, şaftalı və s. bağlar salınacaq. Emal zonasında qida sənayesi üzrə emal müəssisələri yaradılacaq. Bu müəssisələrdə qablaşdırma məhsulları, meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal edilməsi planlaşdırılır. Bununla yanaşı, aqroparkın ərazisində qeyri-ənənəvi bağçılıq, əkinçilik və digər innovativ istehsal sahələri də inkişaf etdiriləcək.

Aqroparkda “ağıllı” idarəetmə sisteminin tətbiqi (iqlim stansiyası, feromon kamerası, əkin sahələrinin dronla monitorinqi, torpaq sensoru, dr. agro tətbiqı), aqronom və biznes-konsaltinq xidmətlərinin təşkili planlaşdırılır.

“Ağıllı” idarəetmə sistemi əkin işləri üçün əlverişli zamanın təyin olunması, xəstəliklərlə bağlı xəbərdarlıq, əkinin monitorinqi, torpağın nəmliyinin ölçülməsi, aqrotexniki qulluq və s. məsələlər üçün yeni texnoloji həll imkanları yaradacaq.

İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına da dəstək göstəriləcəkdir.

Göründüyü kimi, Yevlax Pilot Aqropark müasir üsullarla səmərəli aqrar məhsul istehsalı və ixracı, həmçinin kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli məkandır.

 

Əkbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir