Yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışı genişləndirilir

Azərbaycanda həyata keçirilən iqtisadi diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin fəaliyyəti ölkənin xarici ticarətində müsbət meyillərə təkan verir.

Bu gün dünya bazarına “Made in Azerbaijan” brendi ilə çıxarılan Azərbaycan məhsullarına, xüsusilə də meyvə-tərəvəz, şərab, meyvə şirələri, spirtli içkilərə və s. böyük maraq və tələbat var.

Xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha yaxşı qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir. Bu nümayəndəliklər Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdə yaradılır.

Ticarət nümayəndələrinə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status verilir. Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunub. Hazırda Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir. Bu ilin yayında isə İsrailin Təl-Əviv şəhərində də Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb.

Hazırda ticarət nümayəndəlikləri ticarət-iqtisadi əməkdaşlığın inkişafı, “Made in Azerbaijan” brendinin və Azərbaycanın investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir və ölkəmizin xarici ticarət dövriyyəsinin artmasına töhfə verir.

Qeyd edək ki, ölkəmizin 2021-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 30,2 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 19,8 milyard dollar, idxalın dəyəri 10,4 milyard dollar təşkil edib, nəticədə 9,4 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 32,9 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir