Ulu öndər Küveytdə anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı ölkəmizin Küveytdəki səfirliyində anım tədbiri təşkil olunub. Yenimedia.info xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Küveytdə yaşayan, işləyən Azərbaycan və türk icmasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, büstünün önünə tər çiçək dəstələri qoyublar.

Sonra Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Səfir Elxan Qəhrəman çıxış edərək bildirib ki, 1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıdıb və xilaskar missiyasını yerinə yetirərək xalqı bir çox bəlalardan xilas edib. Həmin ildən etibarən bütün sahələrdə quruculuq və inkişaf prosesi başlayıb, mühüm müqavilələr bağlanıb və ölkəyə böyük həcmdə xarici sərmayələr axmağa başlayıb. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunub və dayanıqlı inkişafımızı təmin edən neft strategiyasının əsası qoyulub.

1995-ci il noyabrın 12-də Azərbaycanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib və bu, ölkəmizin həyatında demokratiya yolunda atılmış əhəmiyyətli bir addım olub. 1996-cı ildən etibarən isə ölkə iqtisadiyyatının canlanma dövrü başlayıb. İqtisadi islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verib və bu ilbəil dövlət büdcəsinin artımı ilə müşahidə olunub.

Müstəqil Azərbaycanın xarici siyasətindən bəhs edən səfir qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan balanslı xarici siyasət uzun müddət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Otuz ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə işğalçı Ermənistanla sülh danışıqları aparılıb. Azərbaycan öz sülhpərvər mövqeyini daima nümayiş etdirib və eyni zamanda, öz gücümüzə arxalanaraq ordumuz müasirləşdirilib. Nəhayət, ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanılan və noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın canı və qanı bahasına parlaq Qələbə qazanılıb. Bu Qələbə ilə 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilib.

Sonda E.Qəhrəman deyib: “Əlbəttə, bütün bu uğurlar bizi sevindirir, eyni zamanda qürurla deyirik ki, torpaqlarımız artıq işğaldan azad olunub. Azərbaycanın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Qarabağ, Prezident İlham Əliyevin təbirincə desək, cənnətə çevriləcək. Yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları müstəqil Azərbaycanın gücünə güc qatacaq və uğurlarımız davamlı olacaq”.

Tədbir zamanı ümummilli lider Heydər Əliyev haqqında müxtəlif dillərdə nəşr olunmuş kitablar, jurnallar və digər əyani vəsaitlər təqdim olunub, fotostend nümayiş etdirilib.

Anım günündə Küveytin “Dasmannews.com”, “Q8-press.com”, “Bobiannews.net”, “Əl-Cəridə, “Əl-Vasat”, Ən-Nahar”, “Əl-Ray”, “Əl-Qabas”, “Əs-Siyəəsə” kimi bir sıra qəzet və elektron xəbər portallarında ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunub möhkəmləndirilməsində, onun inkişafında, eləcə də Küveytlə və digər İslam dövlətləri ilə əlaqələrin inkişafında misilsiz xidmətlərinə dair səfirin müsahibələri dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir