“Vətən müharibəsi günlərində Qazaxıstanda yaşayan azərbaycanlılar da birlik nümayiş etdirdilər”

Qarşıdan şanlı Zəfər Günü gəlir. Xaricdəki soydaşlarımız da böyük sevinc hissi ilə bu şərəfli günlə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev “Azerforum.com”a müsahibəsində bu haqda danışıb.

-Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının birliyni nə dərəcdə göstərdi?
-Çox sevinirik ki, Vətən müharibəsi günlərində Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda bir yumruq halına gəldi. Bu baxımdan xaricdəki soydaşlarımız, o cümlədən Qazaxıstanda yaşayan azərbaycanlılar da birlik nümayiş etdirdilər.
Vətən müharibəsi Azərbaycan xalqının bölünməz olduğunu bir daha göstərdi. Ermənistan xaincəsinə törətdiyi hücumun nəticəsində haqq etdiyi cavabı aldı. Azərbaycan öz gücünü işğalçılara göstərərək qələbə qazandı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmi sayəsində Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalıdan azad etdi. Biz məğrur xalq olaraq düşmənə, ümumiyyətlə dünyaya gücümuzü nümayiş etdirdik. Çox müsbət haldır ki, belə bir zamanda da dünya azərbaycanlıları Prezidentimzin, dövlətimizin, xalqımızın, ordumuzun yanında oldu.
Yeri gəlmişkən, Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının mərhum sədri Vidadi Salahovu yad etmək istərdim. O, uzun sürən xəstəlikdən sonra 2018-ci ildə dünyasını dəyişdi. Çox təəssüf ki, Vidadi Salahov bu qələbəni görə bilmədi. Vidadi müəllim Qarabağ hərsətilə, Vətən eşqi ilə yaşayırdı. Qarabağ sarıdan onun qəlbi yaralı idi. Hətta müsahibələrinin birində belə demişdi: “Qarabağlıların hamısının qəlbi yaralıdır”. Torpaqlarımız işğaldan azad olunub deyə artıq bu yara sağalıb. Yəqin ki, Vidadi müəllimin də ruhu indi rahatdır…

– 44 günlük Vətən müharibəsində Qazaxıstandakı soydaşlarımız nə kimi həmrəylik göstərdilər?
-Vətən müharibəsi zamanı Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Fəxrəddin Məhərrəmovun rəhbərliyi ilə iki dəfə yığıncaq keçirdik. Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycan dövlətini dəstəkləyən bəyanatlar verdilər. Həmin bəyanatlarda Ermənistanın 27 sentyabrdan başlayan təxribatları kəskin şəkildə pisləndi. Soydaşlarımız Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etməsini alqışla qarşıladı.
Qazaxıstandakı soydaşlarımız bacardıqları qədər Vətən üçün maddi və mənəvi dəstəklərini göstərdilər. Belə ki, könüllü şəkildə ordumuza maddi dəstək üçün aksiya keçirdik. Yığılan məbləğ Azərbaycan Ordusuna Yardım Fonduna köçürüldü.
Müharibədən sonra isə Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı və “Xəzər” Azərbaycan İctimai Birliyi adından Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsinə dəstək üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə məktub göndərildi. Məktubda münaqişə bitdikdən sonra Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış müxtəlif növ minaların partlaması nəticəsində soydaşlarımızın həlak olduğu qeyd olunub.

-Zəfər Gününü necə qeyd etməyi düşünürsüz?
-Ötən ilin 8 noyabrından sonra bizim üçün sanki hər gün Qələbə bayramıdır. Bu bir ildə hər gün bu haqda danışmışıq, düşünmüşük. Bu çox unudulmaz hissdir. 30 illik ağrı-acıdan sonra bu sevincə çatmaq bizlər üçün milli xoşbəxtlik anlarıdır. Bu sevinc hissini keçirməklə, həm də ötən illərin torpaq itkisi acısını unutmağa çalışırıq…
Bu yaxınlarda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının təşkilatçılığı ilə onlayn formada toplantı olacaq. Bununla bağlı danışıqlar gedir. Bu toplantıda müxtəlif ölkələrin diasporları, eləcə də səfirliklərinin nümayəndləri işrirak edəcək.
Biz çox çalışırıq ki, Zəfər Günü ilə bağlı təntənəli bir tədbir təşkil edək. Əksər soydaşlarımız bizə öz tədbirlə bağlı istəklərini bildiriblər. Qazaxıstanda pandemiya qaydalarına uyğun olaraq məhdud çərçivədə noyabrın 7-də tədbir keçirib şəhidləri ancağıq, o cümlədən Zəfər Gününü qeyd edəcəyik. Şəhidlərin adına ehsan süfrəsi açılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin də bu tədbirdə iştirakı gözlənilir.
Bütün hallarda Qazaxıstanda hər kəs Zəfər Gününü fərdi şəkildə, ailəsilə, o cümlədən dostları ilə də birgə qeyd edəcək. Çalışacağıq ki, yerli xalqın nümayəndələrini də bu məclislərimizə dəvət edək. Çünki qazax xalqı da bizim bu şanlı Zəfərə çox sevinmişdi. Xatırlayıram, ötən il sosial şəbəkələrdə, eyni zamanda real həyatda fərdi görüşlərdə yerli xalqın nümayəndələri də bizi Vətən müharibəsindəki qələbə münasibətilə təbrik edirdilər.
Bu bizim xalqın milli qürur, şərəf günüdür. Xalqımız bu Zəfərlə dünyaya milli kimliyini sübut etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir