Bu gün uzun müddət Qazaxıstanda yaşamış Sosialist Əməyi Qəhrəmanı İmamverdi Məhəmmədhəsənovun anım günüdür. İmamverdi Məhəmmədhəsənovun 11 övladı olub. Artıq 22 ildir ki, onun ailə üzvləri 4 sentyabrı onun vəfat günü kimi qeyd edir. Belə ki, ailə üzvləri onun məzarını ziyarət edir, ruhuna dualar oxuyur, anım mərasımı qurulur.
Xatırladaq ki, İmamverdi Məhəmmədhəsənov 25 oktyabr 1925-ci ildə Azərbaycan SSR-in Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstan SSR-in Cambul vilayətinə sürgün olunub. 1943-cü ildə Cambul vilayətinin “Jana Jol” (“Yeni yol”) kolxozunda çalışıb. Elə həmin il Sovet Ordusu sıralarına çağrılıb. Böyük Vətən müharibəsində iştirak edib. Demobilizasiyadan sonra kolxoza qayıdıb. 1946-cı ildə çuğundur əkin briqadasının rəhbəri təyin edilib.
1947-ci ildə İmamverdi Məmmədhəsənovun rəhbərliyindəki çuğundurbecərmə məntəqəsi 4 hektarlıq ərazidən 616 sentner şəkər çuğunduru toplayıb, ayrıca 2 hektarlıq ərazidən isə 813 sentner şəkər çuğunduru toplayıb. Bu şücaətinə görə 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildə kolxoz sədrinin müavini təyin olunub. 1956-cı ildə kolxoz sədri hazırlığı üzrə 3 illik Almatı orta kənd təsərrüfatı məktəbini fərqlənmə ilə bitirib. Sonra yenidən kolxoza qayıdaraq aqronom işləyib. 1961-ci ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini başa vurub. 1960-cı ildən təqaüdə çıxana kimi baş aqronom vəzifəsində çalışıb.
O, 4 sentyabr 1999-cu ildə Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində vəfat edib. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. İmamverdi Məmmədhəsənov, həmçinin “Lenin” ordeni (1948),”Döyüş xidmətlərinə görə” medalı, “Vyananın alınmasına görə” medalı, “Budapeştin alınmasına görə” medalı, “Praqanın azad edilməsinə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalına da layiq görülüb.
İmamverdi Məmmədhəsənovun qeyd etdiyimiz kimi, 11 övladı olub. Bu gün onun övladları Qazaxıstanda müxtəlif sahələrdə çalışaraq ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və diaspor işində fəallıq göstərirlər.
Onun övladlarından biri Eyvaz Məhəmmədhəsənov Almatıda Azərbaycan diasporunun yaradıcılarından biridir. 1996-cı ildən Qazaxıstan Respublikasının Almatı şəhəri “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvüdür. 2005-ci il iyunun 1-də 5 namizəd içərisində səsçoxluğu ilə Almatı şəhər “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçilib.
2008-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvüdür. 2008–2018-ci illərdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər şöbəsinin sədri olub. 2018-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin müavinidir. 2009-cu ildən Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.