Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatını İnkişaf Proqramının (BMTİP) “ABAD” publik hüquqi şəxsi ilə birgə icra etdiyi “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi başa çatıb.
Azvision.az xəbər verir ki, ötən həftəsonu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, BMTİP-in Azərbaycandakı əlaqələndiricisi Alessandro Frakassetti, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev regionlarda bu layihədən yararlanan ailələrə baş çəkiblər.

 

Məlumat üçün bildirək ki, 2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar lazımi resurslarla təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarətin əsasları kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.

200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı ilə faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 22-sini qadınlar idarə edir. O cümlədən, 12-sini məcburi köçkünlər reallaşdırır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Qonaqlar ilk olaraq Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə səfər edib, layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi ilə tanış oldular. Ailələrin hazırladığı bütün məhsullar tezliklə “ABAD” etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satışa təqdim ediləcək.

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində müxtəlif əl işləri nümayiş olunur. Layihə iştirakçılarından olan Pəribacı Mamaziyeva söhbət zamanı bildirdi ki, İbrahim Şeydanovla birgə quşçuluqla məğul olur: “Bu layihəyə görə hər kəsə təşəkkür edirəm. Bizə min cücə verdilər. Çox sağ olsunlar, Avropa İttifaqı əlimizdən tutdu. Layihənin bizə çox köməyi oldu, satışdan gəlir əldə etdik. Bizə inkubator və soyuducu verilib. İlkin işə başlamaq üçün hər cür dəstək aldıq. Mən özüm zootexnikəm. Gələcəkdə bu sahədə işimizi daha da genişləndirməyi planlaşdırırıq”.

Məlahət Alvasova isə Balakən rayonunun Hənifə kəndindəndir. Əl işləri Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində sərgilənir. Onun sözlərinə görə, daha əvvəl də xalçaçılıqla məşğul olmaq istəyib, ancaq bunun üçün imkanları yetməyib: “Layihəyə qoşulduqdan sonra bizə əvvəlcə texniki təlimlər keçildi, daha sonra işə başlamaq üçün bütün lazımi ləvazimatlar verildi. Hazırda heç bir problemimiz yoxdur. Hər kəsə təşəkkür edirik”.

M.Alvasova bildirdi ki, hazırladıqları xalçalar həm yerli bazarda satılır, həm də onları “ABAD” alır: “Əsas alıcımız deyərdim ki, ABAD-dır”. Növbəti baş çəkilən ünvan Balakəndəki benefisiar ailələr oldu. Pendir istehsalı ilə məğul olan Elmir Mirəliyev “LeyGün” MMC-nin sahibidir. Mirəliyevlər ailəsi əvvəllər Balakəndə kiçik çörək sexi işlətsə də, əldə etdikləri gəlir işin dayanıqlığını təmin etmək üçün kifayət etməyib. Ailə öz biznesinin şaxələndirilməsi imkanlarını araşdırmaq üçün sözügedən layihəyə qatılıb.

Layihə çərçivəsində ailə üzvlərinə təlimlər keçirilib, pendir istehsalı üçün müasir avadanlıq və biznesin inkişafı üçün mütəxəssis dəstəyi verilib. Ailə yerli icma üzvləri üçün əlavə iş yerləri yaratmağa da nail olub. E.Mirəliyev bildirib ki, “Halloumi” Azərbaycanda pendir istehsal edən ilk şirkətdir: “Pendiri üç aya qədər soyuducuda saxlamaq mümkündür və bu pendiri qızartmaq da olur. Vegeteranlar daha çox bu pendirdən istifadə edə bilərlər. Qonşu ölkələrdə eyni keyfiyyətdə olan pendir daha çox satılır. Bizdə isə bu məhsul yenidir, ümid edirik ki, zaman keçdikcə daha çox alıcı cəlb edə biləcəyik”. O, “ABAD”dan hər cür dəstək aldıqlarını vurğuladı.

 

Zaqatala sakini Söhrab İsmayılov isə qablaşdırılmış meyyvə-tərəvəz istehsalı ilə məşğuldur. Ortağı Harun Nurayevlə layihə çərçivəsində təşkil edilən biznes təlimlərində iştirak edib, daha sonra isə istehsal üçün lazım olan avadanlıqlarla təmin olunub. Birgə qurduqları kiçik ailə biznesində onlar meyvə qurutma, fındıq qovurma, tərəvəzlərin doğranıb qablaşdırlması kimi işlərlə məşğul olurlar. Hazırda ABAD texnoloqları ilə birgə doğranmış və dondurulmuş tərəvəz istehsalı üzrə fəaliyyəti genişləndirmək üzərində çalışırlar.

Zaqataladan olan digər benefitsiar Qurbanovlar ailəsi qırqovul yetişdirirlər. Yuxarı Tala kəndindən olan Vaqif Qurbanov ötən il layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Təlimləri uğurla tamamladıqdan sonra qırqovul yetişdirilməsi üçün avadanlıqlarla – inkubator, soyuducu, qəfəs – təchiz olunub: “Mən işə başayanda bir xoruz və üç fərəm var idi, ancaq indi hamısı bir yerdə 150 başdır. Həmçinin bizə hüquqi, vergi, sertifikatlaşma məsələlərində bütün dəstək göstərilir”.

O, indiyə qədər 100-dən çox qırqovul satmağa nail olub və hazırda kiçik biznesini genişləndirməyə davam edir. Qaxda isə şaftalı istehsalı ilə məşğul olan ailəyə baş çəkib, benefitsiar Hüseyn Tarıverdiyevin təssərüfatı ilə də tanış olduq. H.Tarıverdiyev də layihənin dəstəyi ilə biznesin inkişafı istiqamətində təlimlərdə iştirak edib və şaftalı istehsalı üçün lazım olan avadanlıqlarla təchiz olunub. Ona verilən yeni soyuducu sayəsində indi Haqverdiyevlər ailəsi daha uzun müddət üçün 20 tona qədər təzə meyvə saxlaya bilirlər.

Tarıverdiyevin təssərüfatında 30 hektar ərik, şaftalı bağı və 15 hektar fındıq bağı var. Onun sözlərinə görə, istehsal zamanı qonşu kəndlərdən də işçilər mövsümi işə cəlb olunur. Ailə keçən il mövsümi işə 60 nəfəri cəlb edib. Mövsümi işçilərdən əlavə bağda artıq bir neçə ildir daimi çalışan işçilər də var. İstehsal olunan məhsullar təkcə daxili bazara deyil, həm də ölkə xaricinə – Ukrayna və Rusiyaya göndərilir.

İyulun 3-də yenidən Şəkidə xalça istehsalı ilə məşğul olan iki ailədə olduq. Gülnaz İlyasova Azərbaycanın Kəlbəcər rayonundandır, işğaldan sonra Şəkidə məskunlaşıb.O bildirdi ki, məcburi köçkünlükdən əvvəl Kəlbəcərdə xalçaçılıqla məşğul olub: “Mən özüm Göyçədənəm, gəncliyimdə Göyçədə, ailə qurduqdan sonra Kəlbəcərdə xalçaçılıqla məşğul olmuşam. Qaçqın düşdükdən sonra bu işi davam etdirmək imkanlarımız olmadı. Layihə təşkilatçılarına belə imkanı yaratdıqları üçün təşəkkür edirəm”.

O, gəlninə də xalça toxumağı öyrədib və Kəlbəcərə geri qayıtdıqdan sonra da bu işi davam etdirəcəklərini vurğuladı. Daha bir xalçaçı Əntiqə Məhərrəmova da qızı ilə birgə xalça toxuyur. Layihə çərçivəsində bir sıra təlimlərdə iştirak edib və öz kiçik təssərüfatını genişləndirmək üçün xammal və avadanlıqla təmin edilib. Hər iki ailəyə xalça toxumaq üçün lazımı avadanlıq və ləvazimatlar verilib.

Layihənin nəticələri bardə jurnalistlərə açıqlama verən Aİ səfiri Kestutis Yankauskas bildirdi ki, istehsal olunan məhsulların üzərində keyfiyyət nişanı var: “Ümid ediərəm ki, Azərbaycana, xüsusilə Şəkiyə gələcək turistlər bu məhsullarla tanış olacaqlar. Mən ilk növbədə ailələrə təşəkkür edirəm, çünki onların bu qabiliyyəti, səriştəsi olmasaydı, layihə də reallaşa bilməzdi. Qeyd edim ki, Avropada ailə biznesləri inkişaf edib. Avropa İttifaqında bizneslərin 99 faizini ailə biznesi təşkil edir. İqtisadiyyatımızın əsas sütunu ailə biznesləridir. Sosial rifah, iqtisadi inkişaf həmin ailə bizneslərinə əsaslanır. Ümid edirəm ki, burada da eyni vəziyyət olacaq”.

BMTİP-in Azərbaycan üzrə əlaqləndiricisi Alessandro Frakassetti isə layihədə tərəfdaşlıqdan məmnunluğunu ifadə etdi: “Belə layihlər vasitəsilə regionlarda sahibkarlığın inkişaf etməsini, Azərbaycanın bölgələrinin daha da firavan yaşamasını istərdik. Layihədən çıxardığımz əsas fikir ondan ibarətdir ki, fərdlər, ailələr və istehsalçılar arasında əməkdaşlıq sözsüz ki, ciddi dəyişikliyə, transformasiyaya imkan yaradır və bu da nəticədə onların yaşayış şəraitlərinin daha da yaxşılaşmasına imkan verir”.

O bildirdi ki, bu layihə həm də təşkilatlar arasında əməkdaşlığın bariz nümunəsidir. “Biz bu layihədə ASAN, “ABAD”, “ABAD”ın Balakən nümayəndəliyi ilə əməkdaşlıq etmişik. Düşünürəm ki, bu əməkdaşlıq modeli ölkənin digər regionlarında da tətbiq oluna bilər. Nəticədə yerli əhali bu əməkdaşlığın yaratdığı imkanlardan istifadə edərək inkişafa doğru addım ata bilər. Biz də BMTİP olaraq onlara bu prosesdə dəstək verməyə hazırıq”.

Beləliklə, ailələrə öz bizneslərini qurmaq üçün ilkin dəstək verilib. Bu biznesin həm uğurlu, həm də davamlı olması isə onların özlərindən asılıdır. Hər bir bir halda gördüklərimiz ailə bizneslərinin gələcəkdə daha da inkişaf edib, böyüyəcəyinə əminlik yaratdı.

Pərvanə Sultanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir