Nur üzlü şəhidimiz Vüsal Musayev

     

İradə Gülməmmədova şəhidin doğum günündə keçirilmiş anım mərasimində iştirak edib

Hazırda Azərbaycan xalqı ötən il Vətən müharibəsində igid oğullarımız sayəsində qazanılan qələbənin sevincini qürurla yaşayır. Bu il bizm üçün həm də ona görə əlamətdardır ki, müharibədə şəhid olan vətən övladlarının cənnətdəki ilk doğum günləri xüsusi qeyud olunur. İyunun 12-də şəhid Musayev Vüsal Zakir oğlunun cənnətdəki ilk doğum günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın iştirakı ilə keçirilən anım mərasimində şəhidin qəbirüstü abidəsi ziyarət edilib və ruhuna dualar oxunub.

Şəhid ailəsinin qayğı və ehtiyacları ilə maralanan İradə Gülməmmədova Şəhidlər Xiyabanında təmizliyin və səliqənin qorunub saxlanılması üçün bir sıra göstərişlər verib.

Vətənpərvər əsgərlərimizin qəhrəmanlıqlarından söz açan icra başçısı cənab Prezident İlham Əliyevin komandanlığı və həyata keçirdiyi uğurlu siyasət, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi nəticəsində ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədən danışıb. İradə Gülməmmədova qeyd edib ki, Azərbaycan əsgəri döyüş meydanında əsil qəhrəmanlıq göstərdi. “Qəlbi vətən eşqi ilə döyünən mərd oğullarımız vətən uğrunda canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar. Bu gün sizin övladınız və şəhidlərimiz hesabına başımız ucadır. Vüsal qısa, amma şərəfli ömür yaşadı. Şəhidlərimiz öz qanları ilə tarix yazdılar. Vətən müharibəsində iştirak edən hər bir kəs bizim üçün qəhrəmandır. Xalqımızın belə mərd, igid oğulları ilə fəxr edirik”- deyə İ. Gülməmmədova bildirib.

Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanında dəfn olunan hər bir şəhidin qəbirüstü abidəsinə güllər düzərək ruhlarına dualar oxuyub.

Sonda şəhidin atası Musayev Zakir şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Abşeron rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib. Həmin gün daha sonra şəhidin doğulduğu evdə ehsan süfrəsi verilib, Quran oxunub.

Xatırladaq ki, əslən Masallı rayonu, Təzə Alvadı kəndindən olan Musayev Vüsal Zakir oğlu 1996-cı ilin iyunun 12-də Xırdalan şəhərində dünyaya gəlib. O, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2014-2016-cı illərdə Naxçıvanda hərbi xidmətdə olub. Hələ Aprel döyüşlərində hərbi komissarlığa gedib adını könüllü döyüşə yazdırıb. Vətən müharibəsinə könüllü olaraq qatılıb. Sentyabrın 27-dən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Xırdalanda Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi.

Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 25 yaşı tamam olan şəhidin xatirəsini əbədiləşdirmək üçün yaşadığı evinin üzərinə barelyefi vurulub. Bundan əlavə Vüsal Musayevin yaşadığı küçəyə onun adı verilib.

Atası Zakir Musayevin sözlərinə görə Vüsalın uşaq vaxtından arzusu döyüşə getmək olub: “Xocalıda ölənlərin qanını alcağını deyirdi. Hələ iki il qabaq burnu əməliyyat olandan sonra narkozdan ayılanda ilk sözü bu oldu ki, ermənilərlə 2 km yüksəklikdə vuruşdu… Vətən müharibəsində Vüsal öz arzusunu gerçəkləşdirdi. Döyüşlərdə hər zaman öndə gedib. Komandiri hücum əmri verəndən sonra ən birinci Vüsal səngərdən qalxıb önə çıxıb. Bu zaman minatan mərmisi Vüsalın qarşısında partlayıb. Bundan sonra hamı geri çəkilib. Əsgər yoldaşları deyir ki, atəş dayandan sonra bir də baxıblar ki, komandiri Vüsalın başı üstə ağlayır…”.

Zakir Musayev bildirib ki, Vətən müharibəsindəki qələbəmiz onlara mənəvi rahatlıq, təskinlik verir: “Çox şükür ki, Ali Baş Komandanımızın əmri ilə Milli Ordumuz ərazi bütövlüyümüzü bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Qələbə günü bizim evin qarşısında böyük izdiham toplandı. Hamı sevincdən, qürur hissindən ağlayırdı. Həm də sevinirdik ki, daha müharibə bitdi deyə, başqalarının övladları şəhid olmayacaq.

Sağ olsun, Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin Vüsalın dostları, qohumlarımız, qonşularımız. Bizi tək qoymurlar, yad edirlər”.

Vüsal Musayev hələ sağlığında hamının hörmətini və segisini qazanan insan olub. Hər kəsə qarşı istiqanlı olan Vüsal zəhmətkeşliyi, mərhəmətililiyi ilə seçilib, tanınıb. O, eyni zamanda vətən sevgisi, düşmənə qarşı nifrət hissi ilə böyüyüb. Məhz buna görə də Vətən müharibəsində səngəri özünə isti ocaq bildi. Ərgünəş yüksəkliyi uğurunda gedən döyüşdə qəhrəmancasına vuruşaraq özü də şəhidlik zirvəsinə yüksəldi. Sağlığında valideynlərinin, yaxınlarının fəxri olan Vüsal şəhidliyi ilə Azərbaycan xaqlının fəxrinə çevrilərək adını tarixə qızıl hərflərlə yazdı.

Allah şəhidlərimizə rəhmət etsin…

 

Fuad Hüseynzadə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir