Buta Gənclər Klubunun idmançısı Onlayn Kata yarışında II yerə layiq görülüb

Mayın 10-da ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş Karate / Kata proqramı üzrə onlayn turnir keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Karate-do Kata proqramı üzrə “Zoom” proqramı vasitəsi ilə Onlayn Açıq Bakı birinciliyi və turniri keçirilib.
Kata üzrə Onlayn turnirdə respublikamızın müxtəlif bölgələrindən fərqli yaş dərəcələrinə malik 200-ə yaxın idmançı iştirak ediblər. Onlayn Kata yarışında Sumqayıtdakı Buta Gənclər Klubunun idmançısı Nuray İbadova II yerə layiq görülüb. Qeyd edək ki, Nurayın İbdovanın karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir.
Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərə və idmançılara göstərdiyi diqqət və qayğını, ölkəmizin müstəqilliyi və tanıdılması istiqamətində gördüyü əvəzsiz işləri bir daha xatırlatmaq və bütün bunların gənclər arasında təbliğini həyata keçirmək, idmançıların üzərlərinə qoyduğu vəzifəni yerinə yetirməkdir.
Yarışın keçirilməsi haqqında danışan Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadənin sözlərinə görə, ulu öndər Heydər Əliyev daim gənclərin sağlam böyüməsi, idmanla məşğul olmasını təmin edən işlər həyata keçirib. O, gənclərimizə ölkənin gələcəyi kimi baxıb. Bizim idman tədris ocağımız da ümummilli liderin tapşırıqlarına daim əməl edərək öz üzərinə düşən vəzifələri yerinə yetirir.
“Belə yarışlar gənclərin daha sağlam, güclü, özünə inamlı və gələcəkdə Azərbaycanı bütün dünyada tanıtması üçün yaxşı zəmin yaradır. Eyni zamanda, biz ölkəmiz üçün gələcəyin məğrur və fiziki hazırlıqlı əsgərlərini hazırlayırıq. Pandemiya ilə əlaqədar olaraq biz bu turnirləri artıq 12-ci dəfə keçiririk. Ümid edirik ki, qısa zamanda Operativ Qərargah tərəfindən karantinlə bağlı yumşaldılmalar olacaq və idmançılarımız da müəyyən şərtlər altında öz məşqlərini bərpa edə biləcəklər. Turnirlərin keçirilməsində daim bizə dəstək olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasova və Rayon Gənclər və İdman İdarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyevə öz təşəkkürümüzü bildiririk ”, – deyə Vüsal Abdullazadə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir