BP və tərəfdaşlarının Azərbaycandakı sosial layihələrə investisiyaları 90 milyon dolları ötüb

BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə 90 milyon ABŞ dollarından çox sərmayə yatırıb.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, ötən 28 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək verib. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 milyon dollardan çox vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 milyon dollardan çox sərmayə qoyub.

Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon dollar həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyalarının xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 min ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımi laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə BP-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100 min AZN-dən çox vəsait və BP Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10 min dollar dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir