Turizm sahəsini seçən fərdi sahibkarın vergi öhdəliyi hansılardır?

Turizm sahəsində qeydiyyatdan keçən fərdi sahibkar fiziki və hüquqi şəxslərə xidmət göstərərsə, sadələşdirilmiş vergiödəyicisi ola bilərmi?

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergiödəyicisi olmaq hüququ saxlanılır. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 2020-ci il yanvarın 1-dən etibarən 1 il müddətinə 2 faizdən 1 faizə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir