“Dünya şöhrətli insanların Azərbaycanda ov edib, ölkəmizin təbiəti, ekoturistik imkanlarıı barədə video, şəkil paylaşmaları təbliğatda çox effektlidir”

Faiq Babanlı: “Ov turizmi sahəsində tanınmış şəxslərlə görüşəndə Azərbaycan haqqında onları dolğun şəkildə məlumatlandırmağa çalışır, bununla bağlı əyani vəsaitlər, internet resurları və linkləri təqdim edirəm”

 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir.

Bu sıradan növbəti yazını – dünyaşöhrətli Safari Ov Klubu Azərbaycanın rəhbəri, dünyanən əksər ov ölkələrində ov edən və daim Azərbaycanın təbliğatını aparan  peşəkar ovçu Faiq Babanlı ilə müsahibəni təqdim edirik.

  • Faiq bəy, Azərbaycanın ekoturizm imkanlarının müasir üsullarla təbliği baxımdan nələri bildirərdiniz?
  • Bu gün dünya sürətlə dəyişir və buna uyğun olaraq təbliğat, reklam üsulları və vasitələri də dəyişilir. Bu baxımdan Azərbaycanın ekoturizm potensialının dünyada effektli yollarla təbliğ olunmasında yeni texnologiyaların tətbiqini, internetin sosial şəbəkələrin və saytların rolunu adekvat qiymətləndirmək lazımdır. Konkret olaraq, ov turizmi sahəsində fəaliyyət göstərdiyim və ovçu olduğum üçün ov turizminin təbliğindən danışmaq istərdim. Mən Azərbaycanı, xüsusən də Azərbaycanın təbiətini, ov turizmi üçün imkanları, yaradılan şəraiti mütəmadi olaraq təbliğ edirəm və təbliğatda müxtəlif üsullardan yararlanmağa çalışıram. Məsələn, xarici ölkələrdə yaşayan ov turizmi sahəsində tanınmış şəxslərlə görüşəndə Azərbaycan haqqında onları dolğun şəkildə məlumatlandırmağa çalışır, bununla bağlı əyani vəsaitlər, internet resurları və linkləri təqdim edirəm. Hesab edirəm ki, Azərbaycanın xaricdə bütün sahələr, o cümlədən, ekoturizm və ov turizmi baxımdan təbliğatı olduqca önəmli məsələdir. Xarici ölkələrdə ov zamanı bizi müşayiət edənlərə üzərində Azərbaycanla bağlı yazılar olan köynəklər təqdim edir, onları geyinmələrini təmin edirəm. Bununla yanaşı, ov etdiyim, ayaq basdığım bütün ölkələrdə ölkəmizin bayrağını sancıram. Hətta, ən ucqar cəngəllikdə belə, Azərbaycan bayrağını sancıram. Ən azından, həmin ov ərazilərində ov edən dünyanın elitar insanları Azərbaycan bayrağını hava nəqliyyatı vasitələri, vertolyotla uçanda görürlər və Azərbaycan bayrağı olduğunu öyrənirlər. Bunun özü də ölkəmizin təbliği üçün özünəməxsus bir vasitədir.
  • Azərbaycanın ov turizmini təbliğ etdiyinizi bildirdiniz. İndiyədək bu təbliğatın nəticəsi olaraq, ölkəmizə ov etmək üçün hansı insanların gəlməsinə nail olmusunuz?
  • İllərdir ki, dünyanın tanınmış şəxsləri və eyni zamanda ov azarkeşləri ov turisti olaraq dəvətimlə ölkəmizə gəlməkdədirlər. Bu insanlar bizim tövsiyələrimizə, Azərbaycanı təbliğatımıza və sözümüzə qulaq asıb gəlirlər. Dünya şöhrətli insanların Azərbaycanda ov edib, ölkəmizin təbiəti, ekoturistik imkanları, flora və faunası barədə internetdə video, şəkil paylaşmaları isə təbliğatda çox effektlidir.
  • Azərbaycanda ovçuluq turizminin inkişafı və internetdə təbliğində daha hansı təklifləriniz ola bilər?
  • Azərbaycanın ekoturistik imkanlarının təbliğində əsas üsullardan biri ov turizminin inkişaf etdirilməsi və təbliğidir. Bu iş mütəşəkkil şəkildə, müvafiq qurumların araşdırmaları, təşkilatçılığı və nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda, bölgələrdə yerli əhali də yaşadıqları ərazilərdə ov heyvanlarının, onların yaşadıqları arealın qorunması, təbiətə qayğı ilə yanaşılması barədə ətraflı məlumatlandırılmalı, maarifləndirilməlidir. Deyərdim ki, ekoturizmin və ya ov turizminin təbliğatı ilk növbədə, vətəndaşlarımız üçün aparılmalıdır ki, bütün bu sahədə olan potensialımızı, xüsusiyyətləri daha yaxından tanıyaq, təbiətə və ekoturistik məkanlara daha qayğı ilə yanaşaq. Ov heyvanlarına qarşı da çox həssas və qayğıkeş olmalıyıq. Bu baxımdan ölkədə pərakəndə ovçuluq hallarını aradan qaldırmağa ehtiyac duyulur. Bütün bunları nəzərə alaraq, biz – Safari Ov Klubu Azərbaycan olaraq Azərbaycanda ovçuların peşəkarlaşmasına öz töhfəmizi verməyə çalışırıq. Təşkilatımızın “Safari.az” saytı da fəaliyyət göstərir. Dünyaya göstəririk ki, Azərbaycanda da ov turizmi inkişaf edib, mahir ovçularımız, ov etmək üçün gözəl yerlərimiz, təbiətimiz var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir