“Bölgələrin məktəbliləri coğrafiya və xarici dil müəllimlərinin köməyi ilə sosial mediada, trip advayzer kimi saytlarda ekoturistik məlumatları yerləşdirməklə təbliğata kömək edə bilərlər”

 

Ruhiyyə Aslanova: “İşğaldan azad olunan ərazilərimiz Prezidentin  rəhbərliyi ilə Böyük Qayıdış şüarı altında tez bir zamanda cənnətə döndəriləcək. Bundan sonra dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də bu sahədə maraqlı layihələr həyata keçirəcəklər”

 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir.

Bu sıradan növbəti yazını – “Azərbaycan Maarifçi Gənclər  Təşkilatı” İctimai Birliyinin icraçı direktoru Ruhiyyə Aslanova ilə müsahibəni təqdim edirik.

  • Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialı var. Onların ayrılıqda yerli və xarici turistlərə sosial və intefrnet mediada təbliği ilə bağlı hansı təklifləriniz ola bilər?
  • Qeyd etdiyiniz kimi, Azərbaycanın, demək olar ki, bütün bölgələrinin ekoturizm baxımından özünəməxsus imkanları və fərqli şəraiti var. Onların dünyaya təqdimatı ilə bağlı bir sıra işlər həyata keçirmək mümkündür. Bununla bağlı bior sıra təkliflər verilib. Mən isə, təkrara yol verməmək üçün belə bir təklif verim. Həmin bölgələrin məktəbliləri öz coğrafiya və xarici dil müəllimlərinin köməyi ilə sosial mediada, trip advayzer kimi saytlarda bu məlumatları yerləşdirməklə ölkəmizin ekoturizm potensialının xarici dillərdə sosial və internet mediada  təbliğinə kömək edə bilərlər.
  • Bu barədə innovativ üsullardan yararlanmaq üçün daha hansı layihələr həyata keçirilə bilər?
  • Azərbaycanın ekoturist cəlb etmə potensialı olan regionlara, xarici turist cəlbetmə potensialı olar yerlərə tanınmış bloqqerlərin, qurmanların, bu sahədə tanınmış jurnalistlərin düşünülmüş marşrutlar, konkret destinasiyalar üzrə səfərlərini təşkil etmək lazımdır.
  • İşğaldan azad olunmuş ərazilərimizdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinin yeni media vasitəsilə məlumatlandırılmasında hansı işlər görülməlidir? 
  • İşğaldan azad olunmuş ərazilərdə düşünürəm ki, ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinə təbliğat aparılması üçün ən gözəl layihələrdən biri kimi müəyyən vərdişlərin aşılanması yolu ilə əslən o məkanlardan olan insanların öz övladları və nəvələri ilə həmin yerlərdən qısa videoçarxlar çəkərək paylaşımlar etməsi ola bilər. Bu yolla dünya ekoturizm ictimaiyyətinin marağını daha çox qazanmaq olar. Çünki həmin yerli insanlar yaşadıqları ərazilərin unikal xüsusiyyətlərini daha gözəl təqdim edə bilərlər.
  • İşğaldan azad olunan ərazilərimizin ekoturistik imkanlarından istifadə olunması və onların dünyada tanıtımı üçün nələr edilə bilər?
  • İnşallah, işğaldan azad olunan ərazilərimiz Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Böyük Qayıdış şüarı altında tez bir zamanda cənnətə döndəriləcək. Buna bizim  inamımız sonsuzdur. Bundan sonra dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də bu sahədə maraqlı layihələr həyata keçirəcəklər. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları ilə, beynəlxalq gənclər mübadilə layihələri ilə gözəl məkanlarımızın tanıtımını bütün dünyaya çatdıracağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir