“Ayrı-ayrı bölgələrin fərqli ekoturizm potensialını əks etdirən xüsusi informasiya portalı yaradılmalıdır”

  

Ruhiyyə Məmmədova:Ekoturizmlə bağlı portalda əsas xarici dillərdə məlumatlar təqdim edilməli, Azərbaycanın elektron ekoturizm xəritəsi tərtib edilməli və xəritədə ekoturizmin əsas növləri ilə bağlı turist marşrutları əks etdirilməlidir”

  

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir.

Bu sıradan növbəti yazını – QHT sektorunun təmsilçisi Ruhiyyə Məmmədova ilə müsahibəni təqdim edirik.

 

  • Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialı var. Onların ayrılıqda yerli və xarici turistlərə sosial və intefrnet mediada təbliği ilə bağlı hansı təklifləriniz ola bilər?
  • Azərbaycanın ekoturizm potensialı kifayət qədər geniş, fərqli və rəngarəngdir. Ölkəmizin həm coğrafi mövqeyi, həm iqlim müxtəlifliyi, həm də ekoloji baxımdan təmiz təbii sərvətləri bu potensialın tədqiqi və təbliği üçün geniş imkanlar açır. Ekoturizmin insan sağlamlığı, sağlam həyat tərzi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onun yerli və xarici turistlərə sosial və internet mediada təbliği istiqamətində təkliflərim aşağıdakılardan ibarətdir: Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialını əks etdirən xüsusi informasiya portalının yaradılması; portalda ekoturizmlə bağlı geniş məlumatlarla yanaşı, aqroturizm, etnoturizm, ekstremal turizm, tibbi turizm, rekreasiya turizmi, nostalji turizmi, məcara turizmi, mədəni-idrak turizmi və kənd turizmi barədə məlumatların ən azı 10 (Azərbaycan, ingilis, rus, alman, fransız, ispan, ərəb, fars, çin və ivrit) dildə təqdim edilməsi; Azərbaycanın elektron ekoturizm xəritəsinin tərtib edilməsi və xəritədə ekoturizmin aşağıdakı əsas növləri ilə bağlı turist marşrutlarının əks etdirilməsi: Elmi ekoturlar (turistlərin təbiətin öyrənilməsində, çöl müşahidələrinin aparılmasında, tədqiqatçıların elmi ekspedisiyalar tərkibində iştirakı). Marşrutlara qoruqlar, milli parklar, təbii sərvətlərlə zəngin məkanlar, flora və faunanın rəngarəng növlərinin mövcud olduğu çoğrafi ərazilər daxil edilə bilər; Təbiət tarixi ilə bağlı ekoturlar (ətraf mühitin və yerli mədəniyyətin öyrənilməsi ilə bağlı təlim məzmunlu, elmi-kütləvi və tematik turlar). Marşrutlara təbiət hadisələri ilə zəngin bölgələr daxil edilə bilər; Məcara turizmi (müxtəlif idman növləri, nəqliyyat vasitələri, sərt iqlimli və quruluşlu coğrafi ərazilər cəlb olunmaqla müəyyən risk tələb edən turlar). Marşrutlara ölkənin dağlıq, düzənlik, qayalıq, meşəlik əraziləri, mağaralar, göl və dəniz əraziləri daxil edilə bilər; Təbii rezervatlara səyahət (dövlət tərəfindən qorunan və təbii hadisələrlə zəngin olan ərazilərlə tanışlıq). Marşrutlara Ələt qəsəbəsi ərazisində yerləşən qoruq, ölkənin Zaqatala-Balakən, Lənkəran, Şirvan bölgələrindəki ərazilər, Yanardağ, Atəşgah əraziləri, Qobustandakı palçıq vulkanları ərazisi daxil edilə bilər.
  • Bu barədə innovativ üsullardan yararlanmaq üçün hansı layihələr həyata keçirilə bilər?
  • İlk növbədə, turlar təşkil edən şirkət və təşkilatların iştirakı ilə onlayn-sorğuların keçirilməsi və Azərbaycanda ekoloji turizm çərçivəsində turist istək və arzularının müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin təşkili məqsədəuyğundur; tur təşkilatçıları arasında, eləcə də Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin iştirakı ilə Azərbaycan ekoturizmi ilə bağlı layihə müsabiqəsinin keçirilməsi mühüm əhəmiyyət kəsb edə bilər; İnfo-turlara bloqqerlər, media nümayəndələri ilə yanaşı, əhalinin müxtəlif təbəqələrinə aid turistlər (məktəbli və tələbələr, otel biznesi nümayəndələri, kulinarlar, tibb işçiləri, təqaüdçülər, ahıllar və s.) cəlb edilə bilər (bu turistlərdən ibarət qrupların formalaşdırılmasında ictimai qurumlar və qeyri-hökumət təşkilatları iştirak edə bilər); info-turlar keçirildikdən sonra iştirakçılar arasında müxtəlif mövzularda və məzmunda intellektual yarışların, təəssüratlarla bağlı oçerk, esse, kiçikhəcmli ədəbi əsər və əl işləri, rəsm və foto müsabiqələrinin keçirilməsi və qaliblərin növbəti turlarda güzəştli iştirakı ilə mükafatlandırılması mümkündür.
  • İşğal olunmuş ərazilərimizdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinin yeni media vasitəsilə məlumnatlandırılmasında hansı işlər görülməlidir?
  • İlk növbədə, ərazilərin işğalaqədərki, işğal dövrü və işğaldan azad olunma dövrünü əks etdirən fotolardan ibarət xüsusi foto-arxiv yaradılmalıdır; Dağlıq Qarabağ və ətraf ərazilərin ekoturistik məkanları ilə bağlı elektron məlumatlar bazası formalaşmalı və bu baza gələcək turizm marşrutlarını müəyyənləşdimək üçün əsas mənbəyə çevrilməlidir; İşğal olunmuş ərazilərdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinin məlumnatlandırılması məqsədilə xarici dilləri bilən könüllülərdən ibarət xüsusi qruplar təşkil olunmalı, bütün məlumatlar çox sayda xarici dillərə tərcümə olunmalı və yayılmalıdır.
  • İşğaldan azad olunan ərazilərimizin ekoturistik imkanlarından istifadə olunması və onların dünyada tanıtımı üçün nələr edilə bilər?
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, müvafiq QHT-lərin, Azərbaycan Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin iştirakı ilə aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edərdim: Azərbaycanın ekoturizm potensialının tədqiqi və təbliği ilə bağlı konseptual (genişmiqyaslı) layihənin hazırlanması və reallaşdırılması; İşğaldan azad olunan ərazilərdə ekoturları təşkil edəcək və bilavasitə həyata keçirəcək gənc mütəxəssislərin hazırlanması məqsədilə təlim kurslarının təşkili; İşğaldan azad olunan hər bir bölgənin ekoturizm potensialının təbliği məqsədilə ayrı-ayrı bölgələrlə bağlı xüsusi və çoxdilli internet səhifələrinin yaradılması.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir