“Ekoturizmlə bağlı bir çox bürokratik və hüquqi prosedurlar dəqiq müəyyənləşdirilməli, ekoturizm fəaliyyəti üçün bir pəncərə sistemi işlənib hazırlanmalı, sonra ciddi təbliğat olmalıdır”  

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələrin hazırlanması və “Yenimedia.info” saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu sıradan beşinci yazını –  ekoturizm mütəxəssisi Toğrul Cəfərovla layihə çərçivəsində eksklüziv müsahibəni təqdim edirik.

 Azərbaycanın ekoturizm potensialını necə dəyərləndirirsiniz?

– Təxminən 5 ildir ki, həm bələdçi, həm də təşkilatçı kimi ekoturizm və dağ turizmi sahəsində fəaliyyət göstərirəm. Bundan əlavə idman alpinizmi ilə də məşğulam.

Mənim fikrimcə, Azərbaycanın ekoturizm potensialı qonşu ölkələrdən heç də geri qalmır. Hətta Aran rayonlarında belə, bu potensial var, bununla bağlı şəxsən bir neçə ekomarşrut da işləyib hazırlamışam. Qısası,dəniz sahilindən dağlarımızın zirvəsinə qədər biz bu potensialdan istifadə edə bilərik.

Azərbaycanın ekoturizm potensialı sosial və internet mediada, ümumiyyətlə, digital müstəvidə lazımınca təbliğ və təqdim edilirmi?

– Azərbaycanın ekoturizm potensialı, deyərdim ki, ən yaxşı sosial mediada təbliğ edilərək tanıdılır. Şəxsən mən və mənim kimi bir çox insan ekoturları sosial media üzərindən həyata keçirir. Ümumiyyətlə, məsələyə digital media müstəvisində baxanda deyərdim ki, bizim ekoturizm potensialı yetərincə tanıdılmır. Xüsusilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin bu sahədən demək olar ki, xəbəri yoxdur və ya çox da maraq göstərmirlər. Bunun da bir çox obyektiv və subyektiv səbəbi var.

Düşünürəm ki, ölkəmizin ekoturizm potensialını digital media vasitəsilə dünya bazarına tanıtmazdan əvvəl bir çox bürokratik və hüquqi prosedurlar dəqiq işlənib hazırlanmalı, ekoturizm fəaliyyəti üçün birpəncərə sistemi işlənib hazırlanmalı, sonra bu digital müstəvidə ciddi təbliğ olunmalıdır. Əks təqdirdə bizim təqdim etdiyimiz məhsul, reallıqda bir sıra maneələrlə qarşılaşacaqsa bu sahədə müsbət imic yaradılmasının qarşısını alacaq. Bu sahədə qonşu ölkələrin təcrübəsini də öyrənmək lazımdır.

Bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün hansı təklifləriniz ola bilər?

– Çatışmazlıqları aradan qaldırmaq üçün yuxarıda qeyd etdiyim məqamlarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (xüsusilə Milli Parklar) Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi, eləcə də Alpinizm Federasiyası Turizm Agentliyinin tövsiyəsi əsasında həm bir pəncərəli sistemi işləyib hazırlamalı, həm də Milli Parklar və dağ zirvələrinə gediş-gəlişi asanlaşdırmalıdır. Məsələn təsadüfən Xınalığa gedib çıxan turist orada ona təklif ediləcək ekotur paketlərindən birini alaraq çox rahat şəkildə Şahyaylağına, Qızılqaya, Şahdağ və s. zirvələrə gedə bilməlidir. Hazırkı vəziyyət isə belədir. Yuxarıda adı sadalanan yerlərə getmək üçün ən azı bir həftə əvvəldən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə ayrıca məktublar yazıb icazə almalısan, sonra gəlib Milli Parkın qarşısında gözləyib park əməkdaşlarının tabe olduqları departamentin məsul şəxsləri ilə telefon bağlantılarını gözləyib, “keçə bilərlər” kəlməsini gözləməlisən.

Ondan sonra Dövlət Sərhəd Xidmətinin postuna gəlib qrupunda olan bütün şəxslərin pasport məlumatlarını ratsiya ilə zastavaya bildirilməsini gözləməli və oradan da siyahı ilə yoxlanıldıqdan sonra, “keçə bilərlər” sözlərini gözləməlisən. Bütün bu proses 5 nəfərlik qrup üçün ciddi vaxt itkisi və bürokratik əngəllərdən başqa bir şey deyil. Bizim bu məsələlərlə bağlı ciddi təkliflərimiz var. Təəssüf ki, bu məsələyə nə Dövlət Turizm Agentliyi lazımi həssaslıqla yanaşa bilir, nə də yuxarıda adını çəkdiyim qurumlar bu əngəlləri həll etməkdə maraqlıdır. Bu məsələ ilə bağlı istənilən qurum və şəxslərlə fikir mübadiləsi aparmağa, təkliflər verməyə və qonşu ölkələrdəki prosedurların burada tətbiq edilməsinə hazıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir