Azərbaycan ekoturizminin təbliğində nələrə diqqət yetirilməlidir?

1-ci yazı

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələrin hazırlanması və “Yenimedia.info” saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu sıradan ilk yazını təqdim edirik.

Ekoturizm və ya ekoloji turizm təbiət turizminin bir forması olub, məqsədyönlü şəkildə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizm düzgün təşkil edilsə, təbiətin qorunmasına və zərər görmüş təbii ərazilərin bərpasına  gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsi hesab olunur. Ekoturizm insanlar tərəfindən daha az təsirə məruz qalmış təbiətdə həyata keçirilir və ətraf aləmin aşınmasına səbəb olmur.

Bir sözlə, ekoturizm bunları ehtiva edir: a) təbiətə səyahətdir, səyahətin məqsədi yerli təbiət və adət-ənənələrlə tanış olmaqdır; b) səyahət zamanı ekologiyaya qarşı neqativ halların qarşısını almaq lazımdır; c) ekolloji maarifləndirmə və məlumatlandırma olmalıdır; d) əhalinin turistik fəaliyyətdən gəlir əldə etməsi təmin edilir və s.

İndi isə Azərbaycanda ekoturizmlə bağlı bir sıra aktual nüansları qeyd edək.

Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir, ölkəmizin turizm, o cümlədən  ekoturizm potensialı böyükdür və turizmin ən gəlirli sahələrdən biri olduğunu nəzərə alsaq, ekoturizm potensialmızın dünyada təbliği bu sahənin rentabelliyini dəfələrlə artırmış olardı. Amma araşdırmalarımız göstərir ki, ekoturizmimzin təblibu sahədə xarici dillərdə internet resursları və məlumatlar olduqca azdır. Olanlar isə bizim tərəfimizdən lazımi səviyyədə internet vasitəsilə təqdim edilmir. Məsələn, xarici dillərdə sosial və internet mediada yazmaq potensialı olan gənc mütəxəssislərin böyük qismi Azərbaycanın ekoturizm potensialı, destinasiyaları barədə xarici internet media qurumlarında, sosial şəbəkələrdə yazı və statuslarla çıxış etməkdə mütəşəkkil, hazırlıqlı və yetərincə bilgili və həvəsli deyillər. Turizmin xüsusi növü olan ekoturizm barədə ümumilikdə Azərbaycan cəmiyyətində bilgi və maariflənmə qənaətbəxş deyil. Azərbaycanın ekoturizm potensialı barədə online və sosial mediada xarici dillərdə məlumat qıtlığı da sözügedən kateqoriyadan olan gənclərin, eləcə də ümumilikdə diaspor nümayəndələrimizin, ümumilikdə isə Azərbaycan turizmi və ekoturizmi ilə maraqlanan xarici turistlərin  məlumat almaq, eləcə də ümumi təbliğat imkanlarını məhdudlaşdırır.

Ekoturizmə dair apardığımız araşdırmalardan belə nəticəyə gəlmək olar ki, ekoturizm Azərbaycan turizmində ən az öyrənilən və eləcə də tanıdılması vacib olan sahələrdəndir. Məsələn, 2015-ci ilin mayında – Bakıda keçirilən İlk Avropa Oyunları ərəfəsində aparılan monitorinq nəticəsində məlum olmuşdu ki, ölkəmizdəki ingilisdilli resursların əksəriyyəti Azərbaycanın turizm, o cümlədən ekoturizm imkanları ilə bağlı məlumatları ingilis dilində dolğun, anlaşıqlı və əhatəli təqdim etmirlər. Ümumiyyətlə, Azərbaycan və rus dillərində də bu barədə məlumat yetərincə deyil.

GPS sahəsində mütəxəssis olan yapon xanım Mutsuko Hasegava bizə Azərbaycanın ekoturizm bölgələri ilə bağlı online Atlas və ya ekoturizm məkanlarını müfəssəl göstərən GPS xəritə axtardığını, amma tapa bilmədiyini bildirdi. Onunla birgə bu sahədə araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanın ekoturizm imkanlarını nə internet, nə də mobil tətbiq vasitəsilə təqdim edən belə bir online turistik xəritə mövcud deyil.

Xarici dillərdə olan ekoturizmə aid internet resurslarımızdan belə, xaricilərin əksəriyyətinin məlumatsız olduğunu Azərbaycanda təhsil alan xarici tələbələr, diplomatik vəzifədə və xarici şirkətlərdə çalışan əcnəbilərdən rəy öyrənməklə üzə çıxarmışıq.

Ölkəmizə səyahət etmək istəyən əcnəbilərin ölkənin əsas ekoturizm məkanları barədə xəbərsiz olmaları ekoturizm potensialımızın rentabelliyini olduqca aşağı salmış olur. İnternet resurslarında, saytlarda əksini tapan yazılı və şəkilli informasiyaların, ekoturistik ərazilərimizin internet vasitəsilə təbliğ edilməməsindən əlavə, “Google” xəritədə Azərbaycanın ekoturistik məkanları ilə bağlı yalnız bəzi nöqtələr görünür. Amma bu cür xəritədə informasiya və şəkilsiz hər hansı nöqtənin nə olduğunu turistlər bilmirlər. Nəticədə, ölkəmizin yerləşdiyi regionla bağlı axtarış verən turistlər, online xəritələrdə və ya internet saytlarında daha çox və əhatəli məlumat aldıqları ölkələri seçir, Azərbaycandan isə yan keçirlər. Bu barədə GPS üzrə mütəxəssis xanım Mutsuko Hasegavanın fikirləri və onun Danimarka, Yaponiya, Kanada, Cənubi Afrika və digər ölkələrdən olan dostlarının Azərbaycanın ekoturistik imkanları barədə araşdırmalarından əldə etdikləri nəticələr də problemin aktuallığını ortaya qoyur.

Bütün qeyd edilənlərə görə Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği ilə bağlı yeni ideyaları ehtiva edən araşdırmaların aparılması, bu sahədə yazıların yazılması, ekspert müzakirələrinin təşkili, təkliflərin və ideyaların müvafiq qurumlara yönləndirilməsi aktual və faydalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir