“Biz milli irsimizi qorumaqla azərbaycançılığı yaşatmış oluruq”

Xaricdə milli irsimizin tanıtımı və təbliği azərbaycançılığa xidmət etmək deməkdir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Rusiyanın Unicorn Challenge tanıtım şirkətinin baş direktoru, gənc diaspor üzvü Elvin İmanovun “News12.az”a müsahibəsini təqdim edirik.Xatırladaq ki, Elvin İmanov Kalmıkiya Respublikasında (Rusiya) doğulub və Elista şəhərində böyüyüb boya-başa çatıb. 17 yaşında universitetə daxil olmaq üçün Moskvaya gedib. M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Sonradan elə Moskvada qalıb işləyir. Bununla yanaşı, Vətəni Azərbaycana da bağlı insandır. O, məşhur Qarabağ atlarının beynəlxalq səviyyədə populyarlaşmasında da fəal iştirak edir.

-Azərbaycan gənclərinin fəaliyyətində azərbaycançılıq ideologiyasının nə kimi önəmi var?
-Milli kimlik hər hansı bir millətin, istənilən mədəniyyətin ideologiyasında vacib bir amildir. Bu faktor azərbaycançılıq ideologiyasında da yer alıb. Azərbaycan gəncləri, xüsusən də xaricdə olanlar üçün bu, şəxsiyyətini, mədəniyyətini qorumağa və yaymağa kömək edən bir növ mənəvi lövhədir. Buna müxtəlif yollarla nail olmaq olar, biz buna Qarabağ atları ilə cəhd edirik və gəncləri buna cəlb etməyə çalışırıq.

-Qarabağ atlarına Rusiyada maraq necədir?
-Əslində, Qarabağ atlarına təkcə Rusiyada deyil, bütün dünyada maraq artmaqdadır. Bu, ilk növbədə heyvandarlıq nailiyyətləri ilə əlaqədardır. Qarabağ atı Şərq növünün ən yaxşı cinslərindən biri kimi tanınıb. Rusiya üçün nadir atlardan əlavə, qarabağlılar da maraqlıdır. Çünki onlar bir vaxtlar Rusiyanın bütün cənubunda (xüsusən də Don cinsin) at yetişdirməsinə təsir göstərmişdir.
-Qarabağ atlarının dünyada tanınması üçün hansı işlər görürsüz?
-Əlbəttə ki, Qarabağ atlarının dünyada tanınması üçün insanlara bu barədə daim danışmağa və göstərməyə dəyər. Bunu bir neçə yolla edirik. Belə ki, Moskvada Crocus Group və Emin Ağalarova ilə birlikdə, Latviya rəssamı Daçe Ştrause tərəfindən Qarabağ atlarının rəsm sərgisini təşkil etdik. Bundan əlavə, Rusiya Atçılıq Federasiyası, EKVIROS sərgi mərkəzi, Leyla Əliyevanın rəhbəri olduğu RATİ gənclər birliyi və Azərbaycan Atçılıq Federasiyası ilə birlikdə canlı Qarabağ atlarının sərgisi və nümayişi təşkil olundu. 15 min nəfərlik tamaşaçıya milli geyimdə Qarabağ atını milli motivlərlə göstərdik. Yeri gəlmişkən, avqustun 7-də saat 10: 00-da “İPOSFERA” sərgi mərkəzi ilə birlikdə Qarabağ atlarına həsr olunmuş beynəlxalq onlayn konfrans keçirəcəyik.

-Xaricdəki soydaşlarımız azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirirlərmi?
-Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var. Məhz buna görə də azərbaycançılıq ideyalarının dünya azərbaycanlıları arasında təbliği önəmlidir. Dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideyaları aşılanmalı, eyni zamanda soydaşlarımız azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməlidir. Bu, mühüm bir amildir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Bunun üçün biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Yeri gəlmişkən, “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği” layihəsi bu dəryərləri aşılamaq üçün gözəl şansdır. Layihənizdən elə gözlənilən əsas nəticə də budur.
-Qarabağ atlarının effektiv təbliği üçün hansı addımlar atılmalıdır?
-Əslində, ilk növbədə qüvvələri birləşdirməliyik və birgə səylərimizlə ferma təsərrüfatımızda mövcud olan problem nöqtələrinə diqqət yetirməliyik. Nəzərə almaq lazımdır ki, damazlıq heyvanların sayı çox az qalıb. Lazımdır ki, bu heyvanların sayı artırılsın. Buna görə də at yetişdirənlərin səylərini birləşdirmək lazımdır. Məhz onların həvəsləri sayəsində Qarabağ atlarının təmiz cövhərlərini qoruyub saxlaya bildik. At yetişdirilməsini dəstəkləmək üçün Azərbaycan Atçılıq Federasiyası və Kənd Təsərrüfatı Nazirliyi yeni bir damazlıq ferma açdı. Bu, bizim ümumi problemimizdir və yalnız birləşərək həll edə bilərik. Hamı yorğanı öz üzərinə çəkməklə məşğul olduqda, cins atlar, eləcə də milli irsimiz nəticədə əziyyət çəkir. Biz milli irsimizi qorumaqla azərbaycançılığı yaşatmış oluruq.

Ədil Ədilzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir