Gəlirli giləmeyvə olan qarağatın yığımı yekunlaşır

Hazırda Ağstafada meyvələrin yığımı aparılır. Fermerlər bəzi meyvələri toplamağı yekunlaşdırsalar da, yığımı davam edən giləmeyvələr də var.

Qarağat kənd təsərrüfatı məhsulları içərisində ən çox tələbatın olduğu giləmeyvələrdəndir. Mərhələli şəkildə yetişdikcə əl ilə salxım-salxım yığılan qarağat əziyyətli toplansa da, yaxşı qiymətə satılır. Bu il də fermerlər bu məhsuldan yaxşı qazanc götürürlər. Pandemiyaya görə meyvənin alıcılarının bu il çox olduğunu söyləyən fermerlər qarağatı elə sahədəcə satırlar.

Ağstafa rayonunun Kolxəlfəli kənd sakini, fermer Məhəmməd Babayev növbəti ildə qarağat bağını bir qədər də genişləndirməyi düşünür. “Qarağata son illər maraq artıb. Əvvəllər bu meyvənin bağları az idi. Biz bu il təsərrüfatı bir az genişləndirmişik. Hazırda məhsulumuzu 2-2,5 manata alırlar. Özləri gəlib yığırlar, məhsuldarlıq da çox yaxşıdır”, – deyə fermer bildirib.

Qarağatın ağ, qırmızı və qara rəngli növləri olur. Əsasən bölgədə kütləvi halda qara qarağat becərilir.

Fermerlər deyirlər ki, pandemiya dövründə təsərrüfatlarında rahat işləyib öz məhsullarını yığır, asanlıqla da sata bilirlər. Vaxtında qarağat kollarını sulayıb ona qulluq göstərmək də məhsuldarlığa təsir edən amillərdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir