Neftçalada bostan məhsulları yığımının qızğın çağıdır

Neftçalada bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən indiyədək 179 ton məhsul toplayıblar. Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, neftçalalı əkinçilər bu mövsüm 185.7 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 147 hektarını qarpız, 38.7 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən çox məhsul yetişib. Artıq fermerlər becərdikləri sahələrin məhsulunu toplayırlar. Qısa müddətdə bostançılar 39 hektar əkin sahəsindən 110 ton qarpız, 69 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 50, yemiş sahələrinin isə 49.3 sentner olub. Təsərrüfatlarda bostan məsulları yığımının sürəti günbəgün artır. Sahibkarlar yetişdirdikləri məhsulun yığımını itkiyə yol vermədən başa çatdırmaq üçün var qüvvə ilə çalışır, gün ərzində 10-15 hektar sahənin məhsulunu toplayırlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir